Ağ göl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir.
Ağ göl Milli Parkının 4220 hektar sahəsi Beyləqan rayonu ərazisinə düşür. Həmin ərazinin 1200 hektarı göl altındadır.
Qalan 3020 hektarı isə qoruq torpaq sahəsidir.
2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.
Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik göl və yarımsəhra landşaftlarından ibarətdir.
Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsil kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühiti monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.
Ağ gölün dərinliyi 0.5-2.5 m arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalaraq, ən aşağı həddə çatır.
Ərazidə bitki növlərindən əsasən duzlaq soğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. yayılmışdır.
Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir.
Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü poplyasiyasına təsadüf olunur. |