Mil düzündəki Kəbirli kəndi yaxınlığındakı üzüm bağları və pambıq tarlaları arasında 6-9 metr hündürlüyündə böyük təpələr var. Bu, qədim bir şəhərin xarabalarıdır. Yerli əhali hazırda buranı Örənqala adlandırır. Bəs nə üçün şəhər yeri belə adlanır? Ona görə ki, şəhər viran qalmışdır. Gəlin, tarixə nəzər salaq. Azərbaycana gəlmiş orta əsr səyyahlarının əsərlərində bu ərazilərdə iki şəhər adı göstərilir: Beyləqan və Yunan. Bunlardan hansı Örənqaladır? 1955-ci ildə alimlərimiz Örənqaladan saxsı qab qırığı tapdılar; onun üzərində Beyləqanda hazırlandığı yazılmışdır. Bu da, onu göstərir ki, Örənqala Beyləqan şəhərinin xarabalarıdır və bu şəhərin 1500 il bundan qabaq salındığını söyləmək olar. Mil düzü qızmar və quraqlıq keçən bir ərazi olduğu üçün ulu babalarımız Araz çayından Qarqar çayınadək 60 kilometr uzunluğunda Gövurarx adlanan su arxı çəkmişlər. Bərdədən Ərdəbilə gedən karvan yolu həmin arx boyu uzanaraq Beyləqandan keçirdi. Buranın torpaqları həmin arxla suvarılırdı.
Beyləqan çox möhtəşəm şəhər idi. Şəhərin qala divarları boyunca dərin və enli xəndəklər qazılmışdı. Qala darvazaları gecələr bağlanar, xəndək üstündə olan körpülər isə qaldırılarmış. Sənətkarlar məhəlləsi qaladan kənarda yerləşirdi. Emalatxanalar və dükanlar küçə boyu cərgə ilə düzülürdü. Şəhərin bazarlarında ətraf kəndlilər və uzaqdan gəlmiş tacirlər də alver edirdilər. Beyləqanın saxsı qabları, şirniyyatı Yaxın Şərqdə məşhur idi. Belə zəngin bir şəhərə şimaldan xəzərlər, cənubdan isə ərəblər göz dikmişdilər. Beyləqanlılar yadellilərə və yerli feodalların zülmünə qarşı dəfələrlə üsyan qaldırmışlar.
12-ci əsrdə və 13-cü əsrin əvvəllərində Beyləqan Yaxın Şərqin məşhur sənətkarlıq, ticarət və mədəniyyət mərkəzinə çevrilmişdir. Şəhər İran, Cin, Hindistan, Bizans, Gürcüstan və b. ölkələrlə ticarət edirdi. Varlıların evləri, ictimai binalar şirli kaşılarla bəzədilirdi. Saxsı borularla çəkilmiş su şəbəkəsi, bişmiş kərpiclə hörülmüş kanalizasiya xətləri var idi. Şəhərdə bir necə hamam, aptek, camaşırxana, karvansara, mehmanxana da tikilmişdi. Beyləqan şair Mücürəddin Beyləqani, Şəhabəddin Beyləqani və başqalarının vətənidir. Arxeoloqların tapdıqları saxsı qablar üzərində onları hazırlayan ustaların adları, şer parçaları yazılmışdır. 1221-ci ilin payızında monqol ordusu Beyləqanı mühasirəyə alaraq, təslim olmaq üçün elçi göndərdi. Şəhər əhalisi, sənətkarlar düşmənə təslim olmaqdan boyun qaçırdılar. Qızğın döyüşlərdən sonra qala divarlarını dağıdan monqollar şəhəri yandırdılar. Kişi və qədınları, qoca və uşaqları qılıncdan keçirdilər. Arazdan gələn arxı, su şəbəkəsini dağıtdılar. Beyləqan yerlə yeksan olundu. Lakin Mil düzündə həyat sönmədi. Yeni həyat quran adamlar Beyləqanın mübarizə və qəhrəmanlıq şöhrətini əziz tuturlar. Hazırda bu abidə dövlət tərəfindən qorunur.
|