Beyləqan rayonunda bir neçə tarixi abidələr mövcuddur.
Beyləqan qalası - Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində inşa edilmiş qala.
Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib.
Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.
Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah respublikamızın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir.
Beyləqan xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.
Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur: Saray təpəsi, Soltanbud qəbiristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatın məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı G.Əsədovun xatirəsində ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, M.Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.
|